Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş prokuroru Türk Dünyası Mediatorlar Birliyinin rəhbərliyini qəbul edib

6 noyabr 2025-ci il tarixində Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk Türk Dünyası Arabulucular Birliği‘nin rəhbərliyini qəbul edib.

Görüş zamanı TDAB-nin İdarə Heyətinin sədri Yakup Erikel cənab Muhsin Şentürke mediasiya sahəsində görülən işlər və türkdilli dövlətlər arasında qurulan səmərəli əməkdaşlıq barədə məlumat verib.

TDAB İdarə Heyətinin sədrinin müavini, Azərbaycan Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan Qanundan irəli gələn məsələlərin icrasında Azərbaycan Respublikası Baş Prokuroru cənab Kamran Əliyev başda olmaqla, mediasiya islahatlarına prokurorluq orqanlarının hər zaman dəstəyinin olduğunu ifadə edib. O, qeyd edib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən mediatorların qanunvericilik sahəsində bilik və bacarıqlarının artırılması sahəsində silsilə təlimlər və seminarlar təşkil edilib. Bu isə mediatorların daha peşəkar formalaşmasında, Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunundan irəli gələn öhdəliklərin icrası sahəsində çox mühüm addımdır.

Qazaxıstan Mediatorlar Assosiasiyasının Baş direktoru Jandildə Yakupov – Жандильда Жакупов çıxışı zamanı Qazaxıstanda cinayət işləri üzrə mediasiya sahəsində prokurorluq və hüquq mühafizə orqanları ilə səmərəli əməkdaşlığı xüsusi qeyd edib, cinayət işləri üzrə mediasiya sektorunun uğurlarından danışıb.

Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş prokuroru cənab Muhsin Şentürk Birliyin fəaliyyətinə uğurlar arzu edib və Birliyə üzv olan ölkələrin mediator birliklərinin prokurorluq orqanları ilə əməkdaşlıqlarını yüksək qiymətləndirib və bu əməkdaşlıqların çox mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Görüşdə həmçinin TDAB Baş katibi Yusuf Gözel, TDAB Mərkəzi Komissiyanın koordinatoru Osman Çelebi, Türkiyə Ailə Mediasiyası Qurumunun həmsədri Nur Özden iştirak edib.