Qırğızıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Maksat Mamıtkanov Bakıda səfərdə olan Qırğızıstan nümayəndə heyətini qəbul edib
Qırğızıstan Respublikasının nümayəndə heyəti Bakıya səfəri çərçivəsində Qırğızıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyində qəbul olunub. Nümayəndə heyəti Qırğızıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, cənab Maksat Mamıtkanov ilə görüşüb.Görüş zamanı səfir cənab Maksat Mamıtkanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Qırğızıstan Respublikasının Prezidenti cənab Sadır Japarov arasında olan dostluq münasibətlərini və mediasiya sahəsində görülən işləri qeyd edib və Qırğızıstan Respublikasında mediasiya sahəsində həyata keçirilən dövlət siyasəti, qanunvericilik bazası və bu institutun hüquqi münasibətlərin tənzimlənməsində Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununun artan rolu olduğunu bildirib. Nümayəndə heyətinə başçılıq edən Qırğızıstan Respublikası ədliyyə nazirinin müavini Orozbek Sıdıkov səfərin məqsədləri, Azərbaycanda mediasiya institutunun fəaliyyəti ilə tanışlıq, keçirilmiş görüşlərin nəticələri və əldə olunan praktiki təcrübə barədə səfiri məlumatlandırıb. Bildirilib ki, bu cür qarşılıqlı görüşlər mediatorların peşəkar bacarıqlarının artırılmasına, institusional əməkdaşlığın gücləndirilməsinə və regionda alternativ mübahisə həll mexanizmlərinin inkişafına töhfə verir.Görüşün sonunda tərəflər mediasiya sahəsində ikitərəfli əlaqələrin daha da genişləndirilməsi, birgə layihələrin, təlim və seminarların təşkili, eləcə də müvafiq qurumlar arasında davamlı əməkdaşlıq imkanlarını müzakirə ediblər. Cənab Maksat Mamıtkanov bu cür təşəbbüslərin Qırğızıstan–Azərbaycan münasibətlərinin möhkəmlənməsinə və hüquqi dialoqun dərinləşməsinə xidmət etdiyini bildirib.




