Oxucu soruşur, mediator cavablayırHümmət Əliyev: “Mediasiya münasibətləri qoruyan bir fürsətdir”
Rubrikanın qonağı – Quba 1 saylı MT-nin direktoru, mediator – hüquqşünas Hümmət Əliyev
3-cü həftənin müsahibəsi:
“Mediasiya məhkəməyə alternativ deyil, münasibətləri qoruyan bir fürsətdir” – Hümmət Əliyev
“Oxucu soruşur, mediator cavablayır” rubrikasının növbəti buraxılışında sualları bu dəfə birbaşa praktik təcrübəyə malik mediator cavablandırır. Rubrikanın budəfəki qonağı Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, hüquqşünas, mediator “Hümmət Əliyev”dir. Oxucuları ən çox maraqlandıran suallara aydın və praktik cavablar təqdim edirik.
– Mediasiya prosesi necə başlayır?
Mediasiya prosesi tərəflərdən birinin mediasiya müraciəti etməsi ilə və ya hər iki tərəfin birgə müraciəti əsasında başlayır. Bəzi hallarda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciətdən əvvəl ilkin mediasiya mərhələsi tələb oluna bilər. Lakin əsas prinsip dəyişmir: mediasiya tərəflərdən ən azından birinin razılığı ilə həyata keçirilir.
– İlk görüşdə nələr baş verir?
İlk görüş mediasiyanın ən vacib mərhələlərindən biridir. Bu mərhələdə:
- Mediator tərəflərə prosesin qaydalarını izah edir,
- Məxfilik prinsipi barədə məlumat verir,
- Neytrallıq və qərəzsizlik təmin edilir,
- Tərəflər öz mövqelərini sərbəst şəkildə ifadə edirlər.
İlk görüşdə əsas məqsəd mübahisənin hüquqi tərəflərindən çox, tərəflərin maraqlarını və ehtiyaclarını müəyyən etməkdir. Çünki mediasiya mövqeləri deyil, maraqları uzlaşdırmağa çalışır.
– Tərəflər eyni məkanda olmalıdır?
Xeyr, mütləq deyil. Klassik mediasiya modelində tərəflər eyni masada əyləşir. Lakin bəzi hallarda emosional gərginlik yüksək olduqda mediator ayrı-ayrı görüşlər keçirə bilər.
Əsas məsələ tərəflərin özlərini təhlükəsiz və rahat hiss etməsidir. Mediasiya elastik mexanizmdir və situasiyaya uyğun təşkil oluna bilər.
– Onlayn mediasiya mümkündürmü?
Bəli, mümkündür və son illərdə geniş tətbiq olunur. Xüsusilə coğrafi məsafə və ya vaxt məhdudiyyəti olduqda onlayn mediasiya effektiv həll yolu kimi çıxış edir.
Onlayn formatda da məxfilik, neytrallıq və könüllülük prinsipləri tam qorunur. Təcrübə göstərir ki, bir çox hallarda tərəflər virtual mühitdə daha rahat danışa bilirlər.
– Proses nə qədər davam edir?
Mediasiya prosesi konkret müddətlə məhdudlaşmır, lakin adətən 1–3 görüş ərzində nəticə əldə olunur. Mübahisənin mürəkkəbliyindən asılı olaraq proses bir neçə həftə çəkə bilər.
Məhkəmə prosesi ilə müqayisədə mediasiya daha operativ və çevik mexanizmdir. Ən vacibi isə tərəflər qərarı özləri verdikləri üçün razılaşmanın icra faizi daha yüksək olur.
Nəticə və tövsiyə
Mediasiya – mübahisəni “udmaq” deyil, ortaq həll tapmaq mədəniyyətidir. Bu proses tərəflərə öz münasibətlərini qorumağa, vaxt və maliyyə itkisini azaltmağa imkan yaradır.
Tövsiyəm odur ki, mübahisə yaranan kimi emosional qərarlar vermək əvəzinə mediasiya imkanlarını dəyərləndirin. Bəzən bir masa arxasında aparılan səmimi dialoq uzun sürən məhkəmə çəkişməsindən daha effektiv nəticə verir.
Unutmayaq: Bəzən ən böyük qələbə qarşı tərəfi məğlub etmək deyil, ortaq razılığa gəlməkdir.
Suallar var? Ünvanlayın.
Cavabı mediativ yanaşma ilə alın.
Ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti, “İcargölü” Business Center II mərtəbə
Tel.mob: (+994) 77 250.77.44, (+994) 77 450.77.44
E/ünvan: quba1@mediasiya.gov.az
Şabran ofisi:
Ünvan: Şabran şəhəri, Zərifə Əliyeva küç. (Şabran Məhkəməsinin qarşısı)
Tel.mob: (+994) 77 588.77.44
