Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov “Zəfər Salnaməsi: Hüquq və Birliyimiz” adlı düşərgədə çıxış edib
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Femida Könüllüləri Təşkilatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Zəfər Salnaməsi: Hüquq və Birliyimiz” adlı düşərgə 6-9 dekabr tarixlərində baş tutur.
Düşərgənin ikinci günündə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov “Gənc hüquqşünasların karyera inkişafında könüllülüyün rolu” mövzusunda çıxış edib.
Çıxışı zamanı Nadir Adilov könüllü fəaliyyətin gənc kadrların formalaşmasında ilkin mərhələ olduğunu, bu sayədə gənclərin iş mühiti və korporativ mədəniyyət ilə tanış olduqlarını vurğulayıb və “Femida Könüllüləri” Təşkilatı İctimai Birliyi ilə Mediasiya Şurası arasında imzalanan birgə əməkdaşlığa dair memorandum çərçivəsində Femida könüllülərinin mediasiya təşkilatlarında könüllü fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin gənclər siyasətinə verdiyi önəmdən, gənclərlə bağlı dövlət proqramları və gənclərlə iş üzrə təsisatların yaradılması və könüllü hərəkatının formalaşmasının təməlini təşkil etməsindən söz açıb. Nadir Adilov qeyd edib ki, ulu öndərimizin başladığı bu işi möhtərəm cənab Prezidentimiz layiqincə davam etdirərək, “Könüllülük fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununu imzalamaqla könüllü fəaliyyətinin hüquqi bazasını formalaşdırıb. Məhz cənab Prezidentimiz tərəfindən 2020-ci il ölkəmizdə “Könüllülər ili” kimi elan edilib və bu gün həmin könüllülər dövlətimizi insan resursları sahəsində ciddi şəkildə təmsil edir. O qeyd edib ki, bu gün dövlət tərəfindən könüllü fəaliyyətinə istənilən dəstək verilir və gənclər özlərini ixtisaslaşmış formada Femida könüllüləri kimi təşkilatlarda realizə edə bilirlər.
