Beynəlxalq Könüllülər Günü münasibətilə Femida könüllüləri ilə görüş keçirilib
5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin, Məhkəmə-Hüquq Şurasının, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və Mediasiya Şurasının iştirakı ilə Femida könüllüləri ilə Azərbaycan Respublikasının Ali Məhkəməsində görüş keçirilib.Görüş zamanı Femida Könüllüləri Təşkilatı İctimai Birliyinin sədri Salman Vahabov iştirakçıları salamlayıb. Çıxışları zamanı Ali Məhkəmə Aparatının Daxili nəzarət və insan resursları şöbəsinin müdiri Mahir Məlikov, Ədliyyə Nazirliyinin İnsan resursları idarəsinin rəisi Cahangir Hacıyev, Məhkəmə-Hüquq Şurası Aparatının sektor müdiri İbrahim Feyziyev, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyəti aparatının İnsan resursları şöbəsinin müdiri Əli Mirzəyev və Mediasiya Şurası İdarə Heyəti sədrinin müşaviri Əli Fərzəliyev könüllülərin fəaliyyəti barədə fikirlərini bölüşərək onları əlamətdar gün münasibətilə təbrik edib və könüllülərin hüquqi sahədə göstərdikləri təşəbbüslərin dövlət qurumları ilə əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfəni xüsusi olaraq vurğulayıblar.Sonda 2025-ci il üzrə Femida Könüllüləri Təşkilatı tərəfindən həyata keçirilən müxtəlif layihə və tədbirlərdə fəal iştiraklarına görə bir qrup könüllü təşəkkürnamə ilə təltif olunub.












