Bakı 15 saylı mediasiya təşkilatının direktoru Qasım Şaliyev tərəfindən Femida könüllüləri üçün “Mediasiya strategiyaları: tərəflərlə kommunikasiya və razılaşma” mövzusunda təlim baş tutub

14 noyabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Femida könüllülərinin hüquq sahəsində peşəkar inkişafını dəstəkləmək məqsədilə həyata keçirilən “Femida Akademiyası” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı 15 saylı Mediasiya Təşkilatının təsisçisi və direktoru, vəkil Qasım Şaliyev tərəfindən “Mediasiya strategiyaları: tərəflərlə kommunikasiya və razılaşma” mövzusuna həsr olunmuş təlim sessiyası baş tutub.

Təlim zamanı mediasiya prosesində neytrallığın və qərəzsizliyin qorunmasının, tərəflər arasında effektiv dialoqun qurulmasının və münaqişələrin konstruktiv üsullarla həll edilməsinin praktiki aspektlərini iştirakçıların diqqətinə çatdırıb. O, həmçinin mediasiya qanunvericiliyinin tələblərinə uyğun olaraq mediasiya prosedurunun mərhələləri, mediatorun hüquq və vəzifələri, eləcə də tərəflərin hüquqi statusu barədə ətraflı izah verib.

Sessiya interaktiv müzakirələr, situasiya analizləri və real təcrübədən nümunələrlə davam edib. Femida könüllüləri müxtəlif konflikt situasiyalarında kommunikasiya strategiyalarının tətbiqi, emosiyaların idarə edilməsi və kompromis əldə etməyin hüquqi çərçivələri barədə biliklər qazanıblar.

Təlimin sonunda Femida könüllülərini maraqlandıran suallar cavablandırılıb, onlara gələcəkdə hüquq mütəxəssisi kimi peşəkar fəaliyyətlərində mediasiya institutundan daha səmərəli istifadə etmək üçün praktiki tövsiyələr verilib.