Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatı, Ədliyyə Akademiyası və Mediasiya Şurası tərəfindən mediatorlar üçün “Rəqəmsal zamanda süni intellekt və mediasiya” mövzusunda təlim keçirilib
24 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsman Aparatı, AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Mediasiya Şurası tərəfindən mediatorlar üçün “Rəqəmsal zamanda süni intellekt və mediasiya” mövzusunda təlim keçirilib. Təlimçi qismində eyniadlı kitabın müəllifi Ankara Medipol Universitetinin Hüquq fakültəsinin Ümumi İctimai Hüquq kafedrasının professoru, dr. Ergin Ergül, moderator qismində isə Mediasiya Şurası İdarə Heyəti sədrinin müşaviri Əli Fərzəliyev iştirak edib.
Təlimdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin müdir müavini Nuriyyə Məmmədova, Ədliyyə Akademiyasının Vəkillərin və mediatorların tədrisi fakültəsinin dekan müavini Fərdin Xəlilov açılış nitqi ilə çıxış edərək kitabın əhəmiyyəti, mediasiyada tətbiqi və istifadə sahələri barədə məlumat verib.
70-ə yaxın mediatorun iştirak etdiyi təlim zamanı rəqəmsallaşan dünyada süni intellekt texnologiyalarının mediasiya prosesinə təsirini elmi və praktik müstəvidə təhlili, həmçinin hüquq və texnologiya kəsişməsində aktual məsələləri – etik çərçivə, hüquqi tənzimləmə, risklər və imkanlar kontekstində müasir mübahisə həlli mexanizmlərinə yeni baxışlar haqqında məlumat verilib.
Qeyd edək ki, iştirakçılara ödənişsiz olaraq təqdim olunan nəşrdə mediasiyanın əsas prinsipləri, süni intellektin hüquqi əsasları, mediasiyada tətbiq imkanları, diqqət edilməli risklər, etik çərçivə və hüquqi infrastruktur məsələləri geniş şəkildə şərh olunur. Eyni zamanda, generativ süni intellektdən istifadə zamanı effektiv “prompt”ların hazırlanması, praktik ssenarilər və tətbiqi tövsiyələr də oxuculara təqdim edilir.










































