Masallıda “Mübahisələrin alternativ həlli olaraq mediasiyanın tətbiqi və onun üstünlükləri” mövzusunda maarifləndirici tədbir keçirilib

17 dekabr 2025-ci il tarixində Masallı Mediasiya Təşkilatının təşkilatçılığı ilə Masallı RİHB-nin Şıxlar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində “Mübahisələrin alternativ həlli olaraq mediasiyanın tətbiqi və onun üstünlükləri” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Masallı 1 saylı mediasiya təşkilatının direktoru Xanhüseyn Səmədov, Masallı Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Zamin Məmmədov və Şıxlar ərazi icra nümayəndəsi Həsən Allahverdiyev iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şıxlar ərazi icra nümayəndəsi Həsən Allahverdiyev mediasiyanın ölkəmizdə yeni fəaliyyətə başlamasına baxmayaraq xidmət apardığı ərazidə bir çox yerli sakinlərin artıq mediasiya haqqında məlumatlı olduqlarını və sakinlərin mediasiya barədə daha çox məlumatlı olması ilə bağlı təbliğat işlərinin aparılmasının vacibliyini diqqətə çatdırıb.

Masallı Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Zamin Məmmədov mübahisələrin mediasiya vasitəsilə həlli zamanı qalib və ya məğlub tərəfin olmadığını xüsusi olaraq vurğulayıb.

Masallı 1 saylı mediasiya təşkilatının direktoru Xanhüseyn Səmədov ölkəmizdə mediasiyanın yaranması və mübahisələrin alternativ həlli kimi mediasiyanın tətbiqinin üstünlükləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara cavab verilib.