Göygöldə “Gender əsaslı zorakılığın qarşısının alınması”na həsr olunan görüş keçirilib
Göygöl Rayon Gənclər Evində “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində “Gender əsaslı zorakılığın qarşısının alınması”na həsr olunan görüş keçirilib.
Tədbir Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Göygöl 1 saylı mediasiya təşkilatı, Göygöl Gənclər Evi SXM-nin, Göygöl Təhsil sektoru, Göygöl Polis şöbəsi, Göygöl Peşə məktəbi və Göygöl Mədəniyyət nümayəndəliyin dəstəyi ilə həyata keçirilib. Tədbirdə çıxış edən Göygöl 1 saylı mediasiya təşkilatının direktoru Ceyhun Hümbətov zorakılıq, xüsusən də, qadınlara qarşı zorakılıq hallarının müasir dövrün problemlərindən biri olaraq qaldığına diqqət çəkib. Ölkəmizin gender bərabərliyi və qadın hüquqlarına dair beynəlxalq normalara riayət olunması ilə bağlı öhdəliklərindən danışıb və zorakılıq hallarının qarşısının alınmasında mediasiyanın böyük rol oynaya biləcəyini vurğulayıb.
Tədbirdə çıxış edən digər şəxslər qeyd ediblər ki, fəallıq kampaniyası hər il 25 noyabr – Qadınlara qarşı zorakılığın aradan qaldırılması Beynəlxalq Günü ilə başlayır və 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü ilə başa çatır. Bu kampaniya qadınlara və qızlara qarşı zorakılığın qarşısını almağa və aradan qaldırmağa çağırışdır. Məqsəd zorakılığın təkcə fiziki deyil, həm də psixoloji, iqtisadi və sosial formada təsirinə diqqəti yönəltmək, cəmiyyət olaraq gender zorakılığına qarşı mübarizə apararaq sağlam mühit yaratmaqdır. Sonda gender zorakılığı ilə mübarizəyə həsr olunan videoçarx təqdim edilib.






