Masallıda “Mediasiyanın faydaları və üstünlükləri” mövzusunda maarifləndirici tədbir keçirilib
Masallı 2 Saylı Mediasiya Təşkilatının və Masallı Rayon İcra Hakimiyyəti başçısının Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə Hacıtəpə kənd tam orta məktəbində “Mediasiyanın faydaları və üstünlükləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Masallı 2 saylı mediasiya təşkilatının direktoru Tünzalə Qardaşova, Masallı Rayon İcra Hakimiyyətinin Xırmandalı İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Afəddin Kərimov, Xırmandalı Bələdiyyəsinin sədri Kamil Şükürov, Hacıtəpə kənd tam orta məktəbinin direktoru Vəsilə Əliyeva, ziyalılar və kənd sakinləri iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən Afəddin Kərimov mediasiya institutu barədə qısa məlumat verib. Daha sonra Masallı 2 saylı mediasiya təşkilatının direktoru Tünzalə Qardaşova mediasiya haqqında geniş təqdimatla çıxış edərək, xüsusilə ailə mediasiyasının mahiyyəti və üstünlükləri barədə ətraflı məlumat təqdim edib.
Daha sonra təşkilatın mediatoru Gülhəsən Məmmədov əmək münasibətləri, kommersiya və mülki işlər üzrə mediasiyanın imkanları və üstünlükləri haqqında məlumat verib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.





