Tərtər Rayon İcra Hakimiyyəti başçısı Mediasiya Şurası rəhbərliyini qəbul edib

Tərtər 1 saylı Mediasiya Təşkilatının fəaliyyəti ilə yerində tanış olmaq, təşkilatın gördüyü işlər, qarşıda duran vəzifələrin yerində müzakirəsi məqsədi ilə Tərtərdə səfərdə olan Mediasiya Şurası rəhbərliyini Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov qəbul edib.

Çıxışı zamanı Müstəqim Məmmədov cənab Prezident İlham Əliyevin apardığı islahatlara toxunaraq Qarabağ döyüşləri zamanı xüsusi qəhrəmanlığı ilə seçilən Tərtər şəhərində və rayonda görülən işləri diqqətə çatdırıb. Qeyd edib ki, istər Qarabağ müharibəsinədək, istərsə də müharibə zamanı və ondan sonra cənab Prezident hər zaman Tərtərə digər bütün bölgələrimizə olduğu kimi xüsusi diqqət və qayğı ilə yanaşıb.

Nadir Adilov isə səmimi qəbul üçün Tərtər Rayon İcra Hakimiyyəti başçısına dərin təşəkkür edib və qeyd edib ki, cənab Prezident İlham Əliyev tərəfindən imzalanan “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun icrası zamanı Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov başda olmaqla, rayonun bütün hüquq mühafizə orqanlarının, dövlət qurumlarının və ictimaiyyətin dəstəyini hiss etmişik. Nadir Adilov bu dəstəyə görə Mediasiya Şurası adından Müstəqim Məmmədova dərin təşəkkür edib.